Avropada Təhsil

Şərq Tərəfdaşlığı Avropa Məktəbi: ŞT regionundakı gənclər üçün yeni perspektivlər

2018/09/04 / 116

Şərq Tərəfdaşlığı Avropa Məktəbi: ŞT regionundakı gənclər üçün yeni perspektivlər

 

Bu həftə ailələr yeni dərs ilinə hazırlaşır. Bütün Avropada parlaq zəkalı, həvəsli tələbələr gələcəkdə işlə təmin olunma şanslarını artırmaq üçün yeni bacarıqlara yiyələnmək əzmi nümayiş etdirirlər. Bu günün tələbələri sabahın vətəndaşları, liderləri, peşəkarları və sahibkarlarıdırlar. Onlara yaxşı təhsil və düzgün bacarıqlar təmin etmək gələcəyə investisiya yatırmaqdır.

Bu ilki tədris ilinin başlanğıcında Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə birgə tamamilə yeni Şərq Tərəfdaşlığı Avropa Məktəbinin açılışını etməkdən qürur duyuram. Bu Avropa İttifaqı üçün mühüm nailiyyətdir və onun bütöv Şərq Tərəfdaşlığı regionunda (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) gənclərə dəstəyini əsaslı şəkildə sübut edir. Sözügedən məktəb bu gün Tiflisdə təqaüd almaq üçün olduqca ciddi, xidmətlərə əsaslanan seçim prosesində uğur qazanan 16-17 yaşlı ilk 30 tələbəyə öz qapılarını açacaq. Avropa İttifaqının 20 Üzv Dövləti və onun altı Şərqi tərəfdaş ölkəsinin dəstəyi ilə çoxdilli, çoxmədəniyyətli bir mühitdə, akademik kurslar və əlavə tədris proqramları vasitəsilə tələbələrə Avropanın tədqiq edilməsi imkanı ilə yanaşı, yüksək keyfiyyətli təhsil veriləcək.

Gənclərə investisiya qoymaq mənim üçün bir prioritetdir. Avropa Komissarı olaraq regionda yaşayan gənclərə daha çox imkanlar yaratmaq məqsədilə altı tərəfdaş ölkə ilə birgə fəal şəkildə çalışmışam. Mən hər kəsin keyfiyyətli və inkluziv təhsil almaq hüququnun olduğuna inanıram. 2017-ci ilin noyabrında keçirilən Şərq Tərəfdaşlığı Sammitində "2020-ci ilə 20 praktiki nəticələrdən" biri kimi gənclər üçün 340 milyon avro dəyərində yeni dəstək paketi qəbul olunub. Bununla, bütöv regionda yaşayan gənclərin təhsil alması, işləməsi, cəmiyyətə inteqrasiyası və öz potensialını tam inkişaf etdirməsi üçün lazımi şərait yaradılacaq. 

Bu paket çərçivəsində Avropa İttifaqı özünün Erasmus+ adlı ən uğurlu təşəbbüslərindən birini daha da gücləndirəcək. 2020-ci ilə qədər Şərq Tərəfdaşlığı regionunda yaşayan 80 min gənc, gənclər təşkilatlarının işçiləri, tələbələr və akademik heyət üzvləri mübadilə proqramlarında iştirak edəcəklər.

Mən hər zaman təhsili dəyişikliyə səbəb olan ən vacib amil kimi qiymətləndirmişəm. Buna baxmayaraq, texnologiya və əmək bazarındakı dəyişikliklər müntəzəm düzəlişlər tələb edir. Gənclər, daima dəyişən mühitdə uğur qazanmaq üçün onları daha çevik və innovativ edəcək bacarıq və yanaşmalarını dayanmadan inkişaf etdirməlidirlər. İbtidai məktəbdən tutmuş, orta məktəbə kimi aşılanan əsas və ikinci dərəcəli bacarıqlar və ali təhsilin çox böyük əhəmiyyəti var.

Biz həmçinin öz təcrübəmizdən bilirik ki, bacarıqların bazarın tələbləri ilə uyğunlaşdırılması rəqabət qabiliyyətinin və iqtisadi inkişafın uzunmüddətli qaydada gücləndirilməsində başlıca  rol oynayır. Bu səbəbdən, altı ölkənin hamısında Peşə Təhsili və Təliminə (PTT) göstərilən dəstək davam etməkdədir. 80 milyon avrodan artıq büdcə ixtisas sistemlərinin müasirləşdirilməsi və PTT-yə olan marağı artırmağa yönəldiləcək.

Aİ həmçinin altı ölkənin sahibkarlıq bacarıqlarının inkişafına dəstək vermək və təhsil sistemini növbəti səviyyəyə qaldırmaq istəyini qətiyyətlə bölüşür. Bu baxımdan, EU4Youth proqramı, xüsusilə həssas və əlverişsiz şəraitdə olan gənclər üçün məşğulluq imkanlarını yaxşılaşdırmaq, onların sahibkarlıq potensialını artırmaq və onlara əmək bazarı üçün zəruri bacarıqları inkişaf etdirməyə kömək etmək məqsədi güdür. Bu işlər biznes inkubatorlarının və innovasiya qruplarının yaradılması, sahibkarlığın inkişafına yönəlmiş mentorluq layihələri və məktəbi erkən tərk edən məzunlar üçün qeyri-rəsmi proqramlar vasitəsilə həyata keçirilir. 

Gənclərə dəstək verilməsi hər zaman Avropa İttifaqının ana xəttini təşkil edib və bundan sonra da təşkil etməkdə davam edəcək. Şərq Tərəfdaşlığı Avropa Məktəbi məhz bu məqsədi daşıyır: gəncləri Avropa dəyərlərinə əsaslanan düzgün bilik, bacarıq və imkanlar ilə təmin etmək. Mən əminəm ki, bu, regionda daha yaxşı mübadilə və anlaşmaya töhfə verəcək.

Yohannes Han 

Avropa Qonşuluq Siyasəti və 

Genişlənmə Danışıqları üzrə Komissarı