Avropada Təhsil

Rondine Sülh Şəhərciyi proqramı – şəxsi təcrübəniz vasitəsi ilə sülh qurun!

2017/07/21 / 73

Rondine Cittadella della Pace (Rondine Sülh Şəhərciyi) Proqramı İtaliyanın Toskana regionunun Arezzo şəhərinin 16 kilometrliyndə yerləşən Arno çayının sahilndə gözəl mənzərə ilə əhatə olunan orta əsrlər qəsridir. Ancaq İtaliyanın digər orta əsrlər qəsrlərindən fərqli olaraq, Rondine tələbə şəhərciyi kimi fəaliyyət göstərir. Burada tələbələr birgə yaşayır, yeyir, dərslərini hazırlayır və universitetlərinə yola düşürlər. Ancaq burada yaşayan tələbələr adi tələbələr deyil. Buradakı tələbələr müharibə və münaqişələrin qurbanı olan ölkələrdən və regionlardan gələrək öz vətənlərinə sülh aparmaq istəyən qaranquşlardır. Məhz italyan dilindən də “rondine” sözü qaranquş kimi tərcümə olunur. Təbiətin yenidən canlanmasının və yeni həyatın müjdəçisi olan sülh qaranquşlara sonra qayıdarıq. İlk öncə “Rondine”-nin tarixi bizə maraqlı gələr.


Məhz 1995-ci ildə Çeçenistan münaqişəsi zamanı İtaliyadan bir qrup ziyalı İtaliya hökümətinin xətti ilə Rus və Çeçen icmalararı arasında münasibəti bərpa etmək və sülh qurmaq üçün Qroznı şəhərinə gəlir. Yerli çeçen ağsaqqalları ilə söhbət zamanı, ağsaqqallar italyanlara Qroznı universitetinin yararsız hala düşdüyündən onların gənclərinə təhsillərinə davam etmək üçün İtaliyadan dəstək olmalarını xahiş edirlər. İtalyanlar isə bu təklifi bir şərt ilə qəbul edirlər – çeçen gənclərlə bir yerdə rus icmasından olan gənclər də gələcək. Ağsaqqalların razılığı ilə 3 çeçen və 2 rus İtaliyaya birgə yaşamağa və birgə təhsil almağa yola düşür. Bu ideya zamanının reallığına görə o qədər dəlisov və effektiv bir addım idi ki, 1997-ci ildə bu ideyanın ətrafında böyük bir təhsil proqramı təsis olunur. Məhz münaqişədə olan gənclər, faktiki düşmənlər təhsil uğrunda şəxsi ambisiyalarını və nifrətini unudaraq birgə yaşamağa, çalışmağa və inkişaf etməyə qərara gəlir. Məhz bu da şəxsi təcrübədən keçərək sülh quruculuğu işinin əsasını qoyur.

Rondine Sülh Şəhərciyi fəaliyyəti və nəaliyyətləri ilə durmayaraq bir çox münaqişə regionlarına səfərlər təşkil edir, yeni tələbələr toplayır. Belə ki, 1998-ci ildən etibarən Gürcüstan və tanınmamış Abxaziya Respublikasından, Rusiya Federasiyasının İnquşetiya Respublikasından, Bosniya və Herseqovinadan, Serbiyadan, İsraildən, Fələstindən, Sierea Leonedən və Livandan tələbələri qəbul etməyə başlayır. 2011-ci ildən isə bu siyahıya Ermənistan və Azərbaycandan olan tələbələr də qatılmağa başladılar. Son iki ildə isə ABŞ və Sudandan olan tələbələr də Rondine Sülh Şəhərciyinə qatılırlar.

Rondine hər il münaqişədə olan ölkələrdən olan yeni tələbələr üçün çağırış elanı verir. Tələbələr müraciət forması və ona əlavə olan sənədləri təqdim edərək, seçim turuna qatılır. Seçilmiş tələbələr Rondineyə yola düşürlər. Üç aylıq intensiv italyan dili və mədəniyyəti kursunu keçdikdən sonra tələbələr təhsil almaları üçün müvafiq universitetlərə müraciət edirlər. Ancaq Rondine təcrübəsi bununla bitmir. İki illik təhsil və Rondine Sülh Şəhərciyində birgə yaşayış, seminarlar, sülh quruculuğu və psixoloji, sosial və beynəlxalq münaqişələrin həllinə yönəlmiş müştərək fəaliyyətlər, xüsusilə də təhsil tələbələr arasında önyarğı hissini, nifrəti aradan qaldıraraq, dinindən, irqindən və milliyətindən asılı olmayaraq hər kəsi bir ailəyə çevirir. Bu da insanlar arasında və dövlətlər arasında mümkün düşmənçiliyin aradan qalxmasına çox gözəl nümunədir. Hər bir məzun bunu öz həyatı təcrübəsində hiss edib.

Orxan Nəbiyev

Rondine Sülh Şəhərciyi Proqramının 2016-cı il məzunu.