Avropa Azərbaycanda

Mədəniyyət və Yaradıcılıq Proqramının Şərq Tərəfdaşlığı regionundakı təsiri haqqında: mədəniyyətə qarşı münasibət dəyişir

2018/01/29 / 337

2018-ci ilin yanvar ayında sona çatan Aİ-nin Mədəniyyət və Yaradıcılıq Proqramının nəticələrinə görə, son üç ildə altı Şərq Qonşuluğu ölkəsində mədəniyyətin rolunun qavranılmasında əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunur. Proqramın mətbuat üçün açıqlamasında deyilir ki, Şərq Qonşuluğu ölkələrində hökümət, media, siyasi partiyalar, mədəniyyət və yaradıcılıq sahələrində çalışan insanlar yaradıcılıq sənayesinə iqtisadi inkişafın katalizatoru kimi baxmağa başlayıb.

"Mədəniyyət və yaradıcılıq sənayelərinin iqtisadi inkişafın katalizatoru rolunu oynaması ideyası Şərq Tərəfdaşlığı ölkələri üçün bir yenilikdir", - deyə Mədəniyyət və Yaradıcılıq Proqramının rəhbəri Tim Vilyams bildirib. "Proqram icra olunmağa başlayanda mədəniyyətə subsidiya alan sektor kimi baxılırdı. Lakin, bu qavrayış dəyişməyə başlayıb".

Adı çəkilən proqram regionda bir neçə müsbət dəyişikliklərə töhfə verib. Məsələn, Azərbaycan milli kinematoqrafiya komissiyası yaratmağı planlaşdırır. Gürcüstanın baş naziri yaradıcılıq sənayesini iqtisadiyyatı inkişaf etdirən mühüm sektor kimi müəyyənləşdirib. Moldovada proqram çərçivəsində təşkil edilən təlim iştirakçıları Yaradıcılıq Sənayelərinin Assosiasiyasını yaradıb. Ukrayna Mədəniyyət Nazirliyi isə Yaradıcılıq Sənayeləri İdarəsi təsis edib.

Bu proqram həmçinin Şərq Qonşuluğu ölkələrinə mədəniyyətə iqtisadi inkişafın mənbəyi kimi baxmağa yardım edib.

İndiyə qədər təqribən 5 min insanın iştirak etdiyi yaradıcılıq sahəsi ilə bağlı sahibkarlıq üzrə 14 onlayn kurs, 36 mindən artıq iştirakçının cəlb olunduğu 262 tədbir, startapların yaradılmasına dair gənclər üçün seminarlar, TeamLab adlı laboratoriya, xüsusi ehtiyacları olan insanlar üçün "hackathon" və Aİ ölkələrinə təhsil səfərləri - bunlar üç ildə proqramın regiona nə dərəcədə təsir göstərdiyini göstərən bəzi nümunələrdir. 

Mədəniyyət və Yaradıcılıq Proqramı 2015-ci ilin fevral ayından 2018-ci ilin yanvar ayına qədər Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada mədəniyyət və yaradıcılıq sahələrinin dayanıqlı humanitar, sosial və iqtisadi inkişafa verdiyi töhfəni dəstəkləmişdir. Proqram mədəniyyət üzrə liderlik, mədəni və statistik araşdırmalar, auditoriyanın inkişaf etdirilməsi, mədəniyyət üzrə jurnalistika, təşviqat və maliyyə vəsaitlərinin cəlb edilməsi kimi mövzuları əhatə etmişdir.