Avropada sevdiyimiz hekayələrin müəlliflərinin vətəni olan və ya bu hekayələri oxuya biləcəyimiz məkanlara malik ədəbi zənginliyi ilə seçilən şəhərlər çoxdur.

Bu şəhərlər kitab həvəskarları üçün bir sıra seçimlər təklif edir. Bunları nəzərə alaraq haradan başlayacağınıza özünüz qərar verə bilərsiniz. Sevdiyiniz kitabı, yaxud Kindle götüb və yeni səyahətlər haqqında düşünməyə başlaya bilərsini
z.

Çauton, İngiltərə



Dünyada olduqca az sayda yazıçı var ki, cəmi bir neçə əsəri ilə çoxlarının qəlbini, fikirlərini və xəyallarını ələ ala bilib. Bu cür yazıçılardan biri də məhz bu siyahıya başçılıq edən Çauton qəsəbəsindən çıxmışdır. Ceyn Ostin əsərlərinin bir neçəsini İngiltərənin Alton şəhərinin yaxınlığında yerləşən Çauton qəsəbəsindəki evində yazmışdı. Hazırda bu ev yazıçının milyonlarla pərəstişkarının ziyarət etdiyi muzey kimi fəaliyyət göstərir.
 
Kopenhagen, Danimarka



Hans Xristian Andersen çoxumuzun uşaqlıqda ən çox sevdiyi yazıçılar sırasında yer alır. Dinlədiyimiz nağıllar bizim ədəbi şüurumuzun  bünövrəsini təşkil edir. Bizim hər birimiz "Çirkin ördək balası" və "Noxud üstündə yatan şahzadə qız" nağıllarını çox yaxşı xatırlayırıq. Uşaqlığınızın bu dövrünə geri qayıtmaq və qulaq asdığınız nağılları yenidən xatırlamaq istəyirsinizsə, Kopenhagenə getməlisiniz.

Frankfurt, Almaniya



Frankfurt iki səbəbdən alman ədəbiyyatı üçün olduqca önəmlidir. Bütün zamanların ən nüfuzlu alman yazıçılarından biri olan İohann Volfqanq Höte məhz bu şəhərdə dünyaya göz açıb. Frankfurta gəlməklə yazıçının boya-boşa çatdığı və yazıçılığa başladığı evə baş çəkə bilərsiniz. Müasir dövrdə isə hər il Frankfurtda təşkil olunan kitab yarmarkası həm yazıçılar, həm də satıcılar üçün mühüm əhəmiyyət kəsb edir. Geniş auditoriya hər il "fəxri qonaq" seçilən ölkənin müəlliflərinin çıxışlarını dinləmək üçün yarmarkanın son iki gününə dəvət olunur. 

London, İngiltərə



Londonun hər yerində kitab mağazalarına rast gəlmək mümkündür. Burada antik kitab mağazaları, xarici dildə kitab kolleksiyaları, feminist kitab mağazaları, səyahət üçün kitabların satıldığı mağazalar, Avropa ədəbiyyatı nümunələrinin təqdim olunduğu mağazalar və digər kitab mağazaları fəaliyyət göstərir. Həmçinin bir çox məşhur müəlliflərin məzarları bu universal şəhərdə yerləşir: Miltonun məzarı Sen-Jil-vizaut-Kriplqeyt kilsəsində, Con Donnun məzarı Müqəddəs Pavel kafedral kilsəsində, Kristofer Marlonun məzarı ilə Detfordda yerləşir. Məşhur yazıçılardan bəhs edərkən Uilyam Şekspirin adı ön sırada çəkilməlidir. London, bu dahi şəxsiyyətin vətəni olmaqla yanaşı onun adı ilə bağlı olan və teatr dizaynında inqilab yaradan Qlobus teatrının yerləşdiyi şəhərdir.

Florensiya, İtaliya



Florensiya, əsasən, möhtəşəm incəsənət nümunələrinin vətəni kimi tanınsa da, bu şəhərin zənginliyi sadəcə Mikelancelo və Mediçilər ailəsinin adı ilə bağlı deyil. Dante həyatının çox hissəsini bu şəhərdə keçirmişdir və onun Florensiya ilə bağlılığı "İlahi Komediya" da daxil olmaqla bir çox əsərlərində öz əksini tapmışdır. Florensiyaya gəlməklə siz bu dahi italyan şairinin yaşadığı qəsəbədə və əsərlərini yazdığı meydanda onun barəsində daha çox şey öyrənmək imkanı əldə edəcəksiniz.

Edinburq, Şotlandiya



Hər il Edinburq dünyanın ən böyük kitab festivalı olan Edinburq Beynəlxalq Kitab Festivalına ev sahibliyi edir. Həmin ərəfədə orada olsanız bu möhtəşəm festivalı qaçırmamalısınız. Yəqin ki, Harri Potter barədə eşitmisiniz. Bəs bilirsinizmi ki, Coan Roulinq bu şah əsəri məhz Edinburqda qələmə almağa başlayıb? Bu sehirli aləmin ruhunu hiss etmək istəyirsinizsə, yazıçının "Harri Potter"i yazmaq üçün ən çox baş çəkdiyi deyilən "Elephant House" və "Spoon" restoranlarına gedə bilərsiniz. Edinburqdan bəhs edərkən Yazıçılar Muzeyi və ya Şotlandiya Poeziya Kitabxanasına da mütlqə şəkildə baş çəkməli olduğunuzu qeyd etmək lazımdır.

Paris, Fransa



Əksər insan Parisi dəb dünyasının mərkəzi kimi tanıyır. Amma kitab həvəskarısınızsa, yəqin ki, bu şəhərin adı çəkiləndə ilk olaraq ağlınıza Frensis Skott Fitscerald, Ezra Paund və Ernest Heminquey kimi məşhur müəlliflərin bir masa arxasına toplaşaraq bir-birinin işini müzakirə etdiyi və şərab içdiyi Qertruda Stay salonu gəlir. Bu salonun ruhunu duymaq istəyirsinizsə, sizə qədimi üslublu kafedə roman oxumağı, yaxud Eyfel qülləsinin altında piknik etməyi təklif edə bilərik. Parisdə olarkən, həmçinin ən qədim ictimai kitabxana olan Mazarini Kitabxanasına baş çəkməyi də unutmamalısınız.

Krakov, Polşa



2013-cü ildə Krakov əbəs yerə YUNESKO-nun Ədəbiyyat Şəhəri elan edilməyib. Bu şəhər ədəbiyyat üzrə Nobel mükafatı laureatı olan Çeslav Miloş və Vislava Şimborskanın vətənidir. Onların ürək parçalayan poeziyalarını oxuya-oxuya şəhəri gəzə və daha çox ikinci əl kitabların satıldığı köşklərə və diqqətinizi cəlb edəcək saysız-hesabsız kitab mağazalarına baş çəkə bilərsiniz.

Madrid, İspaniya



Yəqin ki, Madrid ədəbiyyatı tarixi haqqında fikirləşəndə ağlınıza ilk olaraq Migel de Servantes və onun əsərinin qəhrəmanı olan zadəgan Don Kixot gəlir. Bu şəhərdə ədəbiyyat turuna çıxaraq həm Servantes, həm də Federiko Qarsiya Lorka, Luis de Qonqora və digər şəxslər ilə bağlı mühüm məkanları görə bilərsiniz. Eyni zamanda Madriddəki metrostansiyalarda mini-kitabxanalar fəaliyyət göstərir. Siz buradan metroda və metrodan kənarda oxumaq üçün kitab əldə edə bilərsiniz. Bu sistem "Bibliometro" adlanır. Siz kitabı oxuduqdan sonra onu şəhərdə yerləşən çoxsaylı köşklərdən birinə qaytara bilərsiniz.

Sürix, İsveçrə



Müasir ədəbiyyatla maraqlanırsınızsa, Sürix baş çəkərək bir neçə gün keçirməyiniz üçün mükəmməl yerdir. Odeon kafesində Stefan Sveyq, Vladimir Lenin, Bertolt Brext və Herman Hesse kimi müasir ədəbiyyat nümayəndələri görüşüb bir masada toplaşırdılar. Bundan əlavə, Tomas Mann da uzun illər Sürixdə yaşamışdır.