Avropada Təhsil

Cavid İbad: "Aldığınız təhsil və keçirdiyiniz asudə vaxtdan başqa, öyrənəcəyiniz ən vacib məsələ - müstəqil yaşamaqdır!"

2017/09/19 / 151

Təhsil almaq bu gün hər bir insanın fərdi inkişafı üçün ən başlıca prioritetlərdən sayılır. Hər il minlərlə gənc Azərbaycanlı təhsil almaq və təcrübə qazanmaq məqsədi ilə ölkəni tərk edir. Ölkə gəncliyi arasında ən məşhur məkanlardan biri də Niderland Krallığıdır. Mənim adım Caviddir. Hazırda 22 yaşım var və Leyden Universitetində “Beynəlxalq Münasibətlər və Diplomatiya" üzrə magistr təhsili alıra. Bu universiteti seçməyimin bir-neçə səbəbi var: 

İlk səbəb, Leyden universitetitin qədim dövrlərə dayanan ənənələridir. Leyden universitetinin əsası 1575-ci ildə qoyulub. O dövrlərdə, Niderland müstəqilliyi uğrunda İspaniyaya qarşı müharibə şəraitində idi. Həmin vaxtlarda Niderlandda Universitet olmadığından, Oranlı Vilhelm yeni yaranacaq dövlətdə, ölkəni gələcəkdə idarə edəcək insanların yetişdirilməsi məqsədini güdürdü. Bu səbəbdən də Leyden Universitetinin əsası qoyuldu. Bu gün Leyden universiteti Avropa qitəsinin ən sayılıb-seçilən universitetlərindən biri sayılır və 16 Nobel mükafatçısı ilə fərqlənir. İkinci səbəb təbii ki, oxumaq istədiyim ixtisasdır. Hazırda oxuduğum proqramı seçməyimin ən əsas səbəbi hüquq və iqtisadiyyat ilə bağlı dərslər almağımızdır. Bundan savayı, bir başqa üstünlükdə elmi fəaliyyətə göstərilən xüsusi sayğıdır. Akademik yazı bacarığı, metodologiya seçimi kimi incə məqamlara çox ciddi diqqət yetirilir. 

Altından xətt çəkməli olduğum ən əsas məsələlərdən biri - qərb ölkələrinin təhsil sistemində fərdi yanaşma çox üst səviyyədədir. Hər bir professor, hər bir tələbəsinə lazımi qədər vaxt ayırmağı özünə borc bilir. Şübhəsiz ki, bu sevindirici bir haldır. 

Tələbə həyatına gəldikdə isə, təbii ki, Niderlandda tələbə həyatı yetəri qədər maraqlıdır. Bunu daha da maraqlı edən Niderlanddaki şəhərlərinin fərqliliyidir. Turizmin və gecə həyatının mərkəzi kimi tanınan steretiplərlə dolu Amsterdamdan başqa, modern iqtisadi mərkəz olan Rotterdam, siyasi mərkəz Haaqa, Leyden və Delft kimi kiçik şəhərlərdə də tələbələr üçün yetəri qədər əyləncə var. 

Rotterdamın Erasmus Universiteti və Groningen Universitetindən fərqli olaraq, təhsil aldığım Leyden Universitetində Azərbaycanlıların sayı azdır.  Xaricdə təhsil almaq Azərbaycanın gəncliyinin genişlənməsinin və gələckdə cəmiyyətin inkişifanın ən başlıca amilidir. Xaricdə alacağınız təhsil və keçirəcəyiniz asudə vaxtdan başqa, gənlərin öyrəndikləri ən əsas amil isə müstəqil yaşamaqdır. Məhz müstəqil həyat insanda, sözün yaxşı mənasında "özbaşınalığı" yaradır. İnsan yaranan çətinliklərin qarşısında müstəqil qərar verir. Bu isə formalaşan şəxsiyyətin ən mühüm amilidir. İnanıram ki, xaricdə təhsil almaq anlayışı sadəcə akademik təhsil almaq mənasına gəlmir. Bu anlayış həm də qazanacağınız həyat təcrübəsini və alacağınız həyat dərslərini də özündə əks etdirir.

Müəllif: Cavid Ibad