Avropaya səyahət

Avropanın 3 saata gəzə biləcəyiniz ölkəsi

2019/02/20 / 100

Kənan Zülfüqarov.

Bütöv ölkəni 3-4 saata qarış-qarış gəzib başa vurmaq olarmı? Yox cavabını verməyə tələsməyin. SizinAvropa heyyəti Sizə bunu mümkün olduğunu deyir. İnanmırsız? O zaman Avropanın ən balaca ölkəsi Lixtenşteyni Sizə təqdim edirik.

Lixtenşteyn - Avropanın tam ortasında – İsveçrə ilə Avstriyanın arasında yerləşən  dünyanın ən kiçik ölkələrindən biridir. Ancaq bu ölkə, eyni zamanda, həm də dünyanın ən varlı ölkələrindəndir. Adı ingiliscədən tərcümədə parlaq (light) və daş (stone) sözlərindən götürülüb. Ölkənin ərazisi 160 kvadrat kilometrdir.

Lixtenşteynə səyahət etmək istəyirsiz?

Şengen zonasına daxil olduğu üçün bu ölkəyə getməyə görə xüsusi viza tələb olunmur. Almaniyaya uçduqdan sonra cəmi 2 saat ərzində Lixtenşteynin ərazisində ola bilərsiniz. İsveçrə ilə Lixtenşteyn arasında gömrük əməkdaşlığı razılaşması olduğu üçün buradan da rahat giriş edə bilərsiniz.

Lİxtenşteyn əhalisinin sayı 35 min nəfərdir. Onların 14%-i şəhərdə yaşayır. Əksər hissəsi isə kəndlərdə. Təhsil səviyyəsi 100%-dir. Əhalinin ortalama ömrü qadınlarda 84, kişilərdə 79-dur.

Paytaxtı Vadus şəhərində 5 min insan yaşayır. Şəhər ətrafı dağlarla çevrələnmiş vadidə salınıb. Burada ölkəni idarə edən şahzadənin qalası, parlament binası və digər idarəçilik mərkəzləri var. Vadus dünyanın ən kiçik paytaxt şəhərlərindən biridir.  Rəsmi dil alman dilidir.

Avropanın tam mərkəzində yerləşməsinə baxmayaraq, Lixtenşteyn II Dünya Müharibəsində tərəfsizliyini qorumağı bacarıb. Qonşusu İsveçrə kimi güclü bank sektoruna malikdir.

Lixtenşteyn ən çox təbiətinin gözəlliyi ilə diqqət çəkir. Ölkənin bir ucundan digərinə 3 saata getmək mümkündür.Paytaxtdakı bir neçə prospektdən savayı, bu ölkədə sıxlığa rast gələ bilməzsiniz. Buna görə də dünyanın ən hüzurlu ölkələrindən biridir. Hazırda ölkəni şahzadə Alois idarə edir.