Müsabiqələr

AvropadASAN proqramı ilin sonunda dinləyiciləri mükafatlandıracaq

2018/10/08 / 97

Dekabrda efirə gedəcək buraxılışda proqramın may ayından başlanan ikinci mövsümünün məzmunu barədə suallara düzgün cavab verənlər hədiyyələr qazanacaqlar. Qeyd edək ki, hər çərşənbə günü saat 19:05-də yayımlanan proqramın bütün buraxılışlarını mixcloud.com/AvropadASAN linkinə daxil olmaqla dinləmək olar.

Media layihəsinin həmtəsisçiləri - ADA Universiteti və Avropa İttifaqının Bakıdakı nümayəndəliyi qaliblərə müvafiq olaraq ADA Universitetinin növbəti Avropa İttifaqı üzrə Yay Məktəbinə təqaüd və ləziz italyan mətbəxi restoranı “Scallini”dən hədiyyə kartı təqdim edəcəklər. Əsas mükafat isə ASAN Radiodan aviabilet olacaq- Avropa İttifaqının üzv dövləti Bolqarıstanın yunan, roma, osmanlı, slavyan, şərq və qərb irsini birləşdirən iki min il tarixli paytaxtı Sofiya şəhərinə səyahət!

“Azərbaycanın da bir hissəsi olduğu Avropa bölgəsi, xüsusilə də Avropa İttifaqı və onun üzv dövlətlərini əyləncəli formatda tanıdan AvropadASAN az bir zamanda ASAN Radio dinləyicilərinin sevimli proqramına çevrilib. ADA Universitetinin təqdimatında bu veriliş Azərbaycan-Avropa münasibətləri, birgə tarixi və mədəni irs, strateji əməkdaşlığımız və bu tərəfdaşlığın, xüsusilə, gənclərə açdığı imkanlardan bəhs edir” - deyən, ASAN Radionun direktoru Emin Musavi onu da əlavə edib ki, sosial media səhifələrinə gələn dinləyici şərhləri, bu proqramın, tək 100 FM dalğasında deyil, ölkənin radio məkanında keyfiyyətcə fərqli bir media məhsulu kimi qəbul olunduğunu göstərir: 

“Bu il radio proqram Brüssel tərəfindən Şərq Tərəfdaşlığı ərazisində nümunəvi kommunikasiya layihəsi kimi də qeyd olunub. Müasir informasiya mühitində medianın məlumatlandırma qədər maarifləndirici rolu da əhəmiyyətlidir. Dünyanın ən qədim və maraqlı qitələrindən biri haqda öyrənmək üçün hamını “AvropadASAN: ADA Universitetinin bələdçiliyi ilə” proqramını dinləməyə və ilin sonu hədiyyələr qazanmağa dəvət edirik.”