Şəhər həyatının zaman-zaman çox yorucu olduğunu hamımız çox yaxşı bilirik. Tıxaclar, siqnal səsləri, gecikən avtobuslar, səs-küy və qarışıqlıq bizi özümüzdən çıxarır. Bu zaman fikirlərimiz elə uzaq yerlərə səyahət edir ki, orada yalnız quşların cəh-cəhi eşidilir və küləkdə şam ağaclarının budaqları həzin-həzin yellənir.

Sizi Avropada sakit istirahət üçün ən yaxşı yerlərlə tanış etmək istəyirik:

Siciliyada Cardini-Naksos

Cardini-Naksos Siciliyanın şərq sahilində yerləşən kiçik kurortdur. Arxeoloqlar və tarixçilərin fikrincə, İtaliyadakı ilk yunan koloniyaları burada meydana gəlib və qazıntıların aparıldığı bir çox yerlər bu yerlərin qədim tarixinə şahidlik edir. Bu şəhərdən İtaliyanın ən böyük aktiv vulkanı olan Etna dağının ecazkar mənzərəsini görmək mümkündür.

Yunanıstanda Kefaliniya

Kefaliniya adasında möhtəşəm çimərliklər yerləşir. Bununla yanaşı ada bütün yolu boyu qədim istehkamlardan tutmuş yeraltı katakombalar və mağaralara qədər möhtəşəm tarixi abidələrlə zəngindir. Adada yerləşən Mirtos çimərliyində nadir hallarda insan sıxlığı müşahidə oluna bilər. Bu isə o deməkdir ki, xüsusilə maydan iyunun ortalarına qədər olan dövrdə buraya gəlsəniz, sakitlik və dinclikdən zövq ala bilərsiniz.

İsveçrədə Sürix

 

İstər inanın, istər inanmayın, Sürix Avropada ən sakit şəhərlərdən və səs-küylü insanların ən az rast gəlindiyi yerlərdən biri hesab olunur. Burada gecə həyatı və alış-veriş mərkəzləri nə qədər çox olsa da, şəhər xaosdan tamamilə uzaqdır. 

Danimarkada Farer adaları

Mülayim iqlimi və unikal coğrafi mövqeyi sayəsində Farer adaları dünyada havanın təmizliyinə görə birinci yerdədir. Ətrafdan təcrid olunmuş bu möhtəşəm məkanın ayrı-ayrı adalarda yaşayan 50.000 sakini var.

İspaniyada Tossa-de-Mar

Tossa-de-Mar qədim dövrlərin ruhunu qoruyub saxlayan orta əsr memarlıq nümunələri ilə zəngindir. Bunların arasında ən məşhuru möhtəşəm daş divarları ilə qədim şəhəri əhatələyən  Tossa-de-Mar qalasıdır. 

Sloveniyada Bled

Uzun məsafələrə yürüşə çıxaraq aktiv istirahət etmək, yaxud sadəcə gölün ətrafında gəzərək dincəlmək istəyirsinizsə, Bledə baş çəkmək yaxşı ideyadır.  

Portuqaliyada Azor adaları

Avropanın Havayına baş çəkmək istəyirsinizsə, Azor arxipelaqı sizin arzunuzu gerçəkləşdirəcək. Buradakı doqquz vulkan adasında krater gölləri, şəlalələr və balıqçılıq kəndləri yerləşir. Bu adalar maraqlı gəzinti marşrutları və balina və delfini seyr etmək imkanları ilə məşhurdur.

İrlandiyada Slayqo

Slayqo İrlandiyanın şimal-qərbində Dublindən cəmi üç saatlıq məsafədə yerləşən kiçik liman şəhəridir. Bu şəhər Neolit dövrünə aid qəbiristanlıqlar və İrlandiyanın ən fərqli dağı - Buz dövrü buzlaqlarının minilliklər əvvəllər yüskəklikdən hərəkət edərək özünə yol açması nəticəsində formalaşan Ben-Balben ilə məşhurdur.

 

Mənbə: https://trulytraveled.com/travel-destinations/europe-travel/quiet-holiday-destinations-in-europe/