Avropa Mədəniyyəti

7 məşhur incəsənət əsəri və Avropada onları görə biləcəyiniz yerlər

2019/08/09 / 165

Avropanın incəsənət qalereyaları insanları hər zaman heyrətləndirməyi bacarır. Bəziləri o qədər böyükdür ki, oradakı bütün sənət əsərlərini görmək üçün bir dəfə getmək kifayət etmir. Onların arasında elələri də var ki, nə qədər az tanınsa da, özündə hər bir şəxsin mütləq şəkildə görmək istəyəcəyi əsl inciləri ehtiva edir. Qalereyalara getmək həvəskarı olmasanız belə, Avropaya növbəti səfərinizdə bu məşhur sənət əsərlərini görməkdən zövq alacaqsınız:

1. Klod Monenin “Su zanbaqları” əsəri 

Paris, Oranjeri muzeyi

Klod Mone yaşadığı illər ərzində yüzlərlə ikonik rəsm əsəri yaratsa da, bu əsərlərdən cəmi bir neçəsi rəssamın “Su zanbaqları” seriyası qədər şöhrət qazana bilib. Həmin əsərləri bütün möhtəşəmliyi ilə görə biləcəyiniz yerlərdən biri Paris şəhərində yerləşən Oranjeri muzeyidir. 

Muzey: Oranjeri muzeyi

Giriş haqqı: 9 avro (tam qiymət); 6.50 avro (endirimli qiymət)

2. Sandro Bottiçellinin “Veneranın doğulması” əsəri

Florensiya, Uffitsi qalereyası

Əgər bu əsrarəngiz şəhərdə sizi heyrətə gətirəcək bir şey axtarışında olsanız, “Veneranın doğuşu” əsərini tapıb seyr edə bilərsiniz. Sandro Bottiçelli bu incəsənət nümunəsində balıqqulağının üstündə dəniz köpüyündən doğan Afroditanı təsvir edir. Bəlkə də artıq pop mədəniyyətdə bu əsərin hansısa versiyasına rast gəlmisiniz.
Muzey: Uffitsi qalereyası

Giriş haqqı: 8 avro (tam qiymət); 4 avro (endirimli qiymət)

3. Edvard Munkun “Qışqırıq” əsəri 

Oslo, Norveç Milli Qalereyası

“Qışqırıq” əsərini çoxlarınız tanıyır. Bu məşhur incəsənət nümunəsi filmlərdə, ədəbiyyatda, hətta ticarətdə də populyarlaşıb. Rəsmin orijinal versiyası rəssamın vətəni Norveçdə saxlanılır.

Muzey: Norveç Milli Qalereyası

Giriş haqqı: 11 avro (tam qiymət); 5.50 avro (endirimli qiymət)

4. Pablo Pikassonun “Gernika” əsəri

Madrid, Kraliça Sofiya muzeyi

Avropaya növbəti səfərinizdə Pikassonun rəsm əsərlərindən birini seyr etmək istəsəniz, seçiminiz “Gernika” olmalıdır. Bu incəsənət nümunəsi rəssamın demək olar ki, ən məşhur əsəridir. Əsərdə İspaniya vətəndaş müharibəsi zamanı Gernikanın Bask şəhərciyinin bombardman edilməsi təsvir edilir

Muzey: Kraliça Sofiya muzeyi

Giriş haqqı: 6 avro 

5. Mikelancelonun “Adəmin yaradılışı” əsəri

Vatikan şəhəri, Sikstin kapellası

Sikstin kapellasına ayaq basdığınız an Mikelancelonun bu şah əsəri qarşısında donub qalacaqsınız. Bəxtiniz gətirib oturmağa boş yer tapsanız, saatlar boyunca gözlərinizi  bu incəsənət nümunəsizdən çəkə bilməyəcəksiniz.

Muzey: Sikstin kapellası

Giriş haqqı: 16 avro (tam qiymət); 8 avro (endirimli qiymət)

6. Leonardo da Vinçinin “Mona Liza” əsəri 

 

Paris, Luvr muzeyi

Mona Liza bütün dövrlərdə Avropada ən məşhur incəsənət əsəri olub. Bunun pis tərəfi ondan ibarətdir ki, əsəri görmək istəyənlərin sayı da çoxdur və onun qarşısında dayanıb sakitcə tamaşa etmək şansınız demək olar ki yoxdur.

Muzey: Luvr muzeyi

Giriş haqqı: 15 avro 

7. Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsəri 

Milan, Santa Mariya della Qrasiya kilsəsi

Milanda olarkən Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini mütləq şəkildə görməlisiniz. Bu böyük freska Santa Mariya della Qrasiya monastırının yeməkxanasının arxa divarını bəzəyir və rəsm əsərində İsa Məsihin on iki həvarisindən birinin ona xəyanət etdiyini açıqladığı səhnə təsvir edilir.

Muzey: Santa Mariya della Qrasiya kilsəsi

Giriş haqqı: 10 avro (tam qiymət); 5 avro (endirimli qiymət) 

Mənbə: https://blog.eurail.com/famous-artworks-europe-where-to-find-them/