Avropa Mədəniyyəti

10 dekabr “Beynəlxalq İnsan Hüquqları Günü”

2018/12/10 / 505

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir. Belə ki, hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına malikdir.

İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir.

Avropada əsas insan hüquq və azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu  4 noyabr 1950-ci il tarixli “Avropa İnsan Hüquları Konvensiyası” mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, Avropada bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik əsas insan hüquq və azadlıqlarını qoruyan Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.

"Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir!

Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:
- Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən azadlıq;
- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqlardan azadlıq;
- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ;
- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ;
- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq;
- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq;
- İstismar olunmadan layiqli işləmək hüququ.

İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə etmişdir.