page-cover

Saleh Mehdizadə ilə müsahibə: ``Avropa azad və ləyaqətli yaşayaraq da uğur qazanmağın mümkün olduğunun sübutudur``.

61 Avropada Təhsil 2017/08/04

- Salam, zəhmət olmasa özünüzü təqdim edin.

- Adım Saleh Mehdizadədir. 24 yaşım var və BDU-da fəlsəfə ixtisasını bitirmişəm. Hal-hazırda Tallində Tumlare Corporation-da çalışıram və Tartu Universitetində Demokratiya və İdarəçilik ixtisası üzrə magistr təhsili alıram. Artıq bir ilə yaxındır ki, Estoniyada yaşayıram.

- Saleh, niyə təhsil almaq üçün məhz Estoniyanı seçdiniz?

- Estoniyanı seçməyimə bir neçə amil təsir etdi: Birinci, Estoniya digər Avropa ölkələri ilə müqayisədə daha ucuzdur, ikinci Tartu Universiteti Avropada ən yaxşı 200 universitetdən biridir və burda təhsil səviyyəsi, post-sovet ölkəsi üçün həddən artıq yüksəkdir. Estoniyada təhsil almaq üçün ən yaxşı sahə əlbətdə ki, İnformasiya Texnologiyalarıdır. Ölkə öz inkişafını tamamilə İT üzərində qurub, bir il ərzində Tartuda telefon işlətmədən yaşadım, çünki ölkənin hər yerində WI-FI tapmaq mümkündür. Bundan əlavə Tartu universiteti İqtisadiyyat üzrə də yüksək təhsil verir, bu sahələrdən başqa sosial elmlər və ya hüquq oxumaq istəyənlər də Estoniyaya üz tuta bilər. Ümumilikdə Estoniyada təhsil səviyyəsi yüksəkdir.

- Azərbaycanlı gənclər düşünürlər ki, Avropa təhsili əyləncə və “party”-lərdən ibarətdir. Bu elədirmi?

- Tələbələrin həyatı hansı dərəcədə təhsil almağına görə çox dəyişir. Bakalavr, Magistr və Erasmus tələbələrinin həyat tərzləri bir-birindən fərqlidir. Hər semestr Tartuda “student week” keçirilir. Bütün həftə tələbələr üçün müxtəlif tədbirlər təşkil olunur. Avropada tələbə olmaq vaxt azlığı və intensiv dərs yüküdür. Çünki, onların təhsil sistemi bizimkindən fərqləndiyi üçün, adaptasiya olmaq və verilmiş sistem üzrə dərs yükünü mənimsəmək çətindir. Ancaq, ümumilikdə tələbələr, dərslərdən geriyə qalan boş vaxtlarını digər Avropa ölkələrindəki kimi, gecə klublarında, pablarda və yaxud digər tədbirlərdə keçirirlər. Ancaq yenə də təkrar edirəm, hansı dərəcədə təhsil almağın böyük əhəmiyyəti var, çünki magistr tələbələrini o qədər də boş vaxtları olmur. Ancaq insanlarda tələbə həyatının sadəcə gecə klublarından ya da pablardan ibarət olduğu təəssüratını yaratmaq istəmirəm. İnsandan asılı olaraq boş vaxtlardakı məşğuliyyətlər dəyişə bilər. Əsasən, tələbələr üçün boş vaxtlarında əyləncəli vaxt keçirmək məsələsini ESN (Erasmus Student Network) Tartu öz üzərinə götürüb. Hər həftə müxtəlif tədbirlər, mədəniyyət gecələri, language cafelər və digər bu kimi tədbirlər təşkil olunur. Tələbələr könüllü şəkildə ESN Tartuya qoşularaq özləri də tədbirlər təşkil edə bilər. Əslində elə ESN Tartu əsasən tələbələrdən təşkil oldunduğu üçün bir növ tələbələr özləri öz əyləncələrini təşkil edirlər.

- Estoniya cəmiyyətində hansı dəyərlər sistemi dominantlıq edir? Onlar daha çox individual və ya kollektiv dəyərlərlərə sahibdirlər?

- Estoniya cəmiyyəti üçün ən böyük dəyər yoxdur, müxtəlif dəyərlər var. Estonlar fərdi azadlıqlarına böyük önəm verirlər, hər kəsin öz şəxsi məkanı olmalıdır. Başqa adamın həyatına müdaxilə estonlar üçün ağlasığmaz bir hadisədir. Əsasən, estonlar susqun olurlar, onlarla ünsiyyət qurmaq o qədər də asan deyil. Çox guman ki, Estoniyanın soyuq və qaranlıq təbiəti estonların da tutqun insanlar olmasına səbəb olub. Bundan başqa estonlar özlərini şimali avropalı hesab edirlər və şərqi avropalı onlar üçün üzərlərinə vurulmuş və heç qəbul etmək istəmədikləri bir damğadır.

- Estoniya cəmiyyətinə inteqrasiya çətin prosesdirmi? Siz bunu öz şəxsi təcrübənizdə necə hiss edirsiniz?

- Estoniya cəmiyyətinə inteqrasiya etmək çətindir. Birincisi, eston dili çox çətin dildir. Qrammatik baxımdan Azərbaycan dili ilə oxşarlıqlar olsa da, eston dili çox mürəkkəbdir. İkincisi, estonlar ünsiyyətcil deyillər və təəssüflə bildirmək istəyirəm ki, bəzi estonlarda irqçilik halları müşahidə etmək olur. Ancaq, bu Estoniyaya gəlmək və burda yaşamaq üçün bir əngəl olmamalıdır, çünki irqçiliyə qarşı olan minlərlə eston da mövcuddur. Sadəcə ölkə əhalisi az olduğu üçün, azlıq belə insana çox kimi görünə bilər. Şəxsən, özümü eston cəmiyyətinə inteqrasiya olunmuş hesab etmirəm, ancaq cəmiyyətdən izolyasiya da olmamışam. Bir tələbənin inteqrasiya edə biləcəyi qədər inteqrasiya etmişəm və indiki vəziyyətdə bu mənim üçün yetərlidir. Bunu etmək üçün də xüsusi bir şey etməyə ehtiyac yoxdur, zamanla yerli və xarici dostlar tapıb bir müddət sonra vətəndən tamamilə fərqli bir çevrənin içinə düşür və onun parçası olursan, yəni hər şey zamanla olur.

- Estoniya 2004-cü ildən Avropa İttifaqının üzvüdür. Eston cəmiyyətində Avropa İttifaqı hansı yeri tutur? Onlar özlərini avropalı hiss edirlərmi?

- Estonlar üçün Avropa İttifaqı çox önəmlidir. Estonlar özlərini tam olaraq avropalı hiss edirlər və Avropa mədəniyyətinin bir parçası olaraq görürlər. Avropa İttifaqının üzvü olmaq, həm də Estoniyaya iqtisadi cəhətdən stabillik qazandırıb. Estoniyanın təhlükəsizliyi də Avropa İttifaqı və NATO üzvlüyündən çox asılıdır. Sevindirici haldır ki, Estoniyada, son dövrlər qərbi Avropada yaranmış Avropa skeptisizmi mövcud deyil. Çox güman uzun müddət də mövcud olmayacaq, çünki Estoniyanın movcudluğu ancaq Avropanın bir parçası olaraq mümkündür.

- Saleh, bəs siz necə, özünüzü avropalı hesab edirsinizmi? Ümumiyyətlə, Avropa sizin üçün nədir?

- Avropa, mənim üçün, azad və ləyaqətli yaşayaraq da uğur qazanmağın mümkün olduğunun sübutudur. Ancaq mən özümü avropalı hiss etmirəm, çünki faktiki olaraq Avropalı deyiləm. Azərbaycan nə coğrafi, nə mədəni, nə də ictimai olaraq Avropanın bir parçası deyil və belə görürəm ki, yaxın gələcəkdə olmayacaq. Əslində insan kimi yaşamaq üçün də Avropalı olmaq vacib deyil. Avropa dəyərləri olaraq adlandırılan dəyərlər sistemini mən, bir qitəylə məhdudlaşdırmaq istəməzdim, mənə görə Avropadakı dəyərlər sistemi insan üçün hazırda ən uyğun olanıdır və mənim üçün bu sadəcə insani dəyərlərdir. Hərçənd ki, bu dəyərlərin yaradılması və inkişafında avropalıların digər insanlardan daha çox iştirak etməsi də danılmaz faktdır. Ancaq, Azərbaycan və ümumilikdə şərqin sahib olduğu dəyərləri də bir göz qırpımında kənara atmaqdan da çox uzağam. Bu gün Azərbaycanda “milli-mənəvi dəyər” adı altında cəmiyyətimizə yeridilənlərin, Azərbaycan dəyərləri olduğunu mən heç bir vəchlə qəbul etmirəm. Azərbaycan mənim nəzərimdə dünyəvi və ümumbəşəri dəyərlər toplusdur ki, bu dəyərlər bizi həm Avropaya yaxınlaşdırır, həm də öz distinkt mədəni kimliyimizdə saxlayır. Bir daha təkrar edirəm, insan kimi yaşamaq üçün Avropalı olmaq şərt deyil, ancaq Avropaya meyillənmək çox vacibdir. Özümü isə Avropa (ümumbəşəri) dəyərlərinin daşıyıcısı olan bir qeyri-avropalı olaraq qəbul edirəm.

- Yaxşı, bəs Azərbaycan üçün bu dəyərləri mənimsəməsi üçün və inteqrasiya üçün nə lazımdır?

- Azərbaycanda nəinki ümumbəşəri dəyərlərinin təbliği üçün düşüncə sistemi dəyişməlidir. Kobud şəkildə ümumiləşdirsək - cəmiyyətin hər bir sahəsində, xüsusilə də, təhsil sektorunda islahatlar aparılmalı və bunu gücləndirən və qoruyan sosial-siyasi institutlar yaradılmalıdır.