page-cover

Qərb sivilizasiyasının əsası – Təhsil!

176 Avropada Təhsil 2017/07/26

Bir çox gənclər “Avropa” adı çəkiləndə açıq cəmiyyət, açıq sərhədlər, sərbəst səyahət, kompleksiz insanlar təsəvvür edir. Lakin, bəzi gənclər bütün bu sadalananların kökünə varmadan “Avropa”-nı və onun dəyərlərini fövqəl və əlçatmaz səviyyə hesab edirlər. Ancaq şəxsi təcrübəyə arxalanaraq qeyd edə bilərəm ki, bu naliyyətlərin əsasında təfəkkür, təfəkkürün əsasında isə keyfiyyətli təhsil durur. Avropada bu cür təfəkkürün formalaşması, orada orta əsrlərdə kilsə hakimiyyətinin mütləqiyyəti altında tüğyan edən “qaranlıq dövr”-dən sonra müasir İtaliyanın Florensiya şəhərində meydana gəldi. Məhz o dövrki Florensiya Respublikasının alimləri, sənətkarları, incəsənət xadimlərini və ümumiyyətlə dövrünün yüksək zəka sahiblərini bir yerə toplayaraq, onlara sərbəst tədqiqata və işləməyə imkan vermələri müasir dövrdə “renesans” (intibah) dövrünün meydana gəlməsi kimi yadda qaldı.

Şəxsi inkişafa və yuxarıda qeyd etdiyim intibahın sirlərinə agah olmaq məqsədi ilə magistratura təhsilimi İtaliyada və məhz italyan dilində davam etdirmək qərarına gəldim. Hər dilin öz dünya baxışı varsa, İtaliyadan dünyaya baxış italyan dilini bilmədən mümkün deyil. Bu seçim həyatımın ən böyük dəyişikliyi və çox əsrarəngiz həyat təcrübəsi ilə xatirəmdə qaldı. İtaliyan dilini və bu ölkənin mədəniyyətinin incəliklərini öyrənmək, bu mədəniyyətin dünyaya töhfəsini anlamaq ən başlıca məqsədim idi. Bu, həm təhsil üçün gedəcəyim proqramın (Rondine Cittadella della Pace) tərkib hissəsində də qeyd olunmuşdu. Təhsilim Roma Sapienza Universitetinin Vətəndaş Mühəndisliyi Fakültəsinin İnkişaf üçün Beynəlxalq Əməkdaşlıq və Layihələrin idarə olunması üzrə II səviyyəli master idi.

İtaliyada təhsilin digər Qərbi Avropa ölkələri ilə müqayisəsi, bəzən, praktiki və akademik baxımdan fərqlənsə də şəxsi təcrübəmdə İtaliyanın təfəkkürümün, mədəniyyətimin və dünyagörüşümün formalaşmasın təsiri çox böyükdür. Bilirsinizmi dünya mədəni irsinin 70%-i məhz İtaliyadadır? Təbii ki, bütün bunların hamısını görməsəm də, bu mədəni irsin bir qismi ilə tanışlıq, həmçinin Universitetimin yolunun üstündə açıq səma muzeylərinin olması, Florensiya, Roma, Boloniya və Venesiya kimi şəhərlərin bəşəriyyətə verdiyi töhfələri heç bir zəhmət çəkmədən görmək estetik baxışlarıma və insanmərkəzçi düşüncələrimə çox böyük təsir göstərir. Bu səbəbdən də, İtaliyada təhsil almağıma bir gün belə peşman deyiləm.

Bütün dəyişikliyin və tərəqqinin əsasında maarifin olduğunu nəzərə alaraq, bu dəyişikliyin həm fərdi, həm sosial yükünü dərk edərək İtaliyadakı həyatımı və təhslimi hal-hazırki ictimai fəaliyyətimin ən böyük stimuldur. İki illik Avropa təhsilimin sonunda anladım ki, mən bir daha əvvəlki insan olmayacağam. Tam yeni bir insanam. İtaliya təhsili mənə daha öncə dəyərləndirmədiyim və hətta dəyərləndirə biləcəyimi təsəvvür etmədiyim anlayışları, davranışları dəyərləndirməyi və sevməyi öyrətdi. Bu isə özünəgüvən, yeni baxışlar və fərqli yanaşmalarla işləmək və yaşamaq deməkdir. Avropa məhz budur – alternativ yanaşmalar, yeni baxışlar və sərbəst düşüncə. Bütün bunlar təhsil gətirdiyi təkamülünün məhsuludur. Bu təkamül isə İtaliyasız mümkün olmazdı.