page-cover

Elina Muradova: “Siz Luvrda gəzərkən, soyuq döşəmədə oturub nəsə yazan tələbələr görsəz, bilin ki, onlar bizimkilərdir”.

422 Avropada Təhsil 2017/08/30


- Salam, zəhmət olmasa oxucularımız üçün özünüzü təqdim edin.

- Salam. Mən Paris I Panthéon Sorbonne universitetinin arxeoloji elmlər fakultəsinin magistr tələbəsiyəm, Cənubi Qafqaz və Yaxın Şərq keramikasının öyrənilməsi üzrə ixtisaslaşmışam. Collège de France-ın Yaxın Şərq elmləri şöbəsinin kitabxanaçısıyam, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Fransa Milli Tədqiqatlar Mərkəzinin (CNRS) müştərək əməkdaşlığı olan Azərbaycan-Fransa Arxeoloji Komandasının üzvüyəm.

- Nə qədər müddətdir ki, siz Fransada yaşayırsız?

- Mən 2012-ci ildə ilk dəfə CNRS-dən qrant əldə edərək Fransaya, daha dəqiq desək, Parisə gəldim. Elmi rəhbərim Bertil Lionenin dəstəyi ilə mən Paris Milli Təbiət Tarix muzeyində təcrübə keçmək imkanı əldə etdim və paralel olaraq intensiv fransız dili kursuna başladım. 2013-cü ildə isə Sorbonna Universitetində İncəsənət Tarixi və Arxeologiya İnstitutunun 3-cü kursuna qəbul olub tam olaraq Parisə köçdüm.

- Necə oldu ki, siz Fransanı seçdiniz?

- Təsadüflərin toqquşması. 2009-cu ildə mən Fransadan olan arxeoloqların komandasında çalışmağa başladım. Əvvəl könüllü və həvəskar kimi, sonra isə bu məni özünə cəlb etməyə başladı. Ən çox da bunda mənə CNRS-in Yaxın Şərq elmləri bölməsinin direktoru olan Bertil yardım etdi. Fransa Milli Fonduna və Elmlər Mərkəzinin kitabxanasına düşən kimi, mən artıq bilirdim kimdən nümunə götürmək lazımdır və hansı şəraitdə özümü inkişaf etdirməliyəm.

- Fransa təhsili Azərbaycan təhsilindən fərqli olaraq hansı üstünlüklərə malikdir?

- Metodika. Boynuma alım ki, bu söz, əvvəllər bunu çətinliklə mənimsədiyim üçün, məndə kifayət qədər qarışıq hisslər yaradır. Ancaq, məhz metodika və üzərində işlədiyin mövzuya münasibət Fransa təhsilini digərlərindən fərqləndirir. Mənfi cəhətləri, çatışmamazlıqları və boşluqları olsa da, məni Fransa metodikasında ən çox heyrətləndirən cəhət, təqdir olunan işgüzarlıqla daha çox öyrənmək istəyinin simbiozudur.

- Demək siz hal-hazırda Sorbonna Universitetində təhsil alırsız. Bilirik ki, Sorbonna Universitetin Dünyanın ən qocaman universitetlərindən biridir. Necə olur ki, güclü ənənələrə malik universitet eyni zamanda çağdaş dövrün çağırışlarına riayət edərək innovasiyalarla ənənələri kombinasiya edə bilir?

- İlk öncə anlamaq lazımdır ki, “Sorbonna”-lar fərqlidir. Hal-hazırda Sorbonna özündə fərqli fəaliyyət sahəsini üzərinə götürən 13 universiteti ehtiva edir. Mən Paris 4 universitetində oxuyurdum, daha sonra Paris 1 universitetinə köçürüldüm. Əsas səbəb də məhz innovativ yanaşmanın olmaması idi. Paris 4 öz ənənələrinə çox bağlı universitetdir, bu ilk baxışdan müəyyən gerizəkalılıq məqamına qədər təqdirə layiqdir. Paris 1 Universiteti isə tam başqadır. Burada da ənənələr mövcuddur, lakin yanaşma tam elmidir. Yəni - “Təkamül” “bidət” ilə eyniləşdirilmir.

- Siz Fransa tələbəçilik həyatı barədə nə deyə bilərsiz? Məhz müasir “aktiv tələbə” anlayışı öz kökünü Fransadan, 1968-ci il may hadisələrindən götürür.

- Mənə elə gəlir ki, 1968-ci ilin ruhu hələ də yaşayır və tələbə həyatı materialist olan hər şeyə qarşı üsyanla və etinadsızlıqla doludur. Lakin, şərqin israfçılığı burada görsənmir. Hətta sosial şəbəkələrə belə münasibət demək olar ki, sıfırdır. Qrup yoldaşlarımla ünsiyyətdən belə nəticə çıxardıram ki, şübhəssiz onların hər biri həyatlarında mühüm nəsə etmək ambisiyalarına sahibdirlər.

- Bəs onlar necə əylənir?

- Onların anlamında əyləncə azadlığa bərabərdir. Seçim, arzu və fəaliyyət azadlığı. Anında demək istəyirəm ki, pis heç nə anlamayın (gülür). Dostlarımla fərqli əyləncələrimiz var. Bəzən birimizin evinə yığışırıq və bütün gecəni polemikalara həsr edirik. Bəzən Sena çayının sahilində rəqs edirik, Universitetimizlə üzbəüz yerləşən Lüksemburq Bağında çəmənlikdə nahar edirik, elə olur ki, San-Martan kanalının yanında piknik təşkil edirik. Bəzən isə rahat və münasib qiymətə satılan pivə və fransız kolbasalarının verildiyi pub-a yığışırıq. ( J)

- Fransa cəmiyyətinə və tələbə həyatına inteqrasiya sizə çətin oldumu?

- Düşünürəm ki, ən əsas hər zaman və hər yerdə öz insanlarını tapmaqdır. Fransada insana olan hörmət qol saatının və ya çantanın dəyərindən deyil, insanın digərləri ilə ünsiyyətindən asılıdır. Qarışmaq çətin deyildi, əksinə çox asan idi. Ancaq, hər zaman bir məqamı yadda saxlamaq lazımdır ki, çox vaxt fransızların özlərinə qarşı qoyduğları tələbkarlığı,onların qeyri-ünsiyyətçilliyi ilə qarışdırırlar. Yəni, fərdi azadlığa edilən hörmət burada müqəddəsdir.

- Siz ixtisasca arxeoloq olaraq, təbii ki, Fransanın muzeylərində, xüsusilə də dünyaca məşhur Luvrda bir neçə dəfə olmusuz. Sizin bu möhtəşəm saraya daxil olarkən keçirdiyiniz ilk hiss hansı olub?

- Möhtəşəmlik hissi təbii ki, oldu, ancaq bunu nə saraya nə də oradakı kolleksiyalara şamil etdim. Daha doğrusu, Luvru yaratmaq ideyası məni çox heyrətləndirdi. Luvrun kolleksiyası müstəmləkəçilik xarakteri ilə bəzən utandırır, lakin, dəyişkən və tamam fərqli dəyərlərə sahib olan dövrdə müəyyən sonsuz hörmətə və təqdirə layiq insanlar artefaktların mühümlüyünü anlayaraq onları tədqiq etmək üçün fond yaratdılar.

Ancaq, incəsənət və arxeologiya tələbələri üçün Luvr ikinci ev kimidir. Biz Luvrun artefaktları üzərində çox işləyirdik, bizim professorların mühazirələrində olurduq. Siz Luvrda gəzərkən, soyuq döşəmədə oturub nəsə yazan tələbələr görsəz, bilin ki, onlar bizimkilərdir (bizim fakültənin tələbələri).

- Bildiyimiz qədəri ilə, sivilizasiyanın göstəricisi əsrlərdən tarixi hadisələr şəkilində, yazılar şəkilində və abidələr şəklində keçən mədəni irsdir. Sizin fikirinizcə hansı mədəni irs nümunələrini bugünki Avropa Sivilizasiyasının və Avropa dəyərlərninin təməl daşı dəyərləndirmək olar?

- Elmi işin problematikasını təsvir edəcək qədər birmənalı sual deyil. Mən deyərdim ki, bu “fransız sikstin kapellası” adlandırılan paleolit dövrünə aid olan divar rəsmləri ilə zəngin Lasko mağarası da ola bilər, müstəmləkə səyahətləri də, Volterin və digər Fransa Maarifçilərinin əsərləri də, 1789-cu il inqilabı və onun davamı da, 1968-ci ilin may hadisələri də ola bilər, dünyaca məşhur Efel qülləsi və ya Bastiliya qalası da ola bilər. Yəni, cəmiyyət və sivilizasiya heç vaxt bir ünsürün təsiri altında formalaşmır. Bu çox qarışılıqlı əlaqə və istisnalarla zəngin mürəkkəb komleksdir. Fikrimcə, son onilliklər Fransanın keçmiş müstəmləkə ölkələrinin insanlarına nümayiş etdirdiyi yumşaq siyasət, təkcə siyasi sətrəaltı olmayan, çox gözəl düşünülmüş və ağıllı addımdır.